Koronavirusla bağlı sentyabrın 20-nə olan statistik göstəricilərdə müsbət dinamika yenə müşahidə olunur. 146 yeni yoluxma faktı qarşısında 154 nəfər müalicə olunaraq sağalıb.
Bir ölüm faktı qeydə alınıb. Hazırda aktiv xəstə sayı 1 858 nəfərdir. Onlardan 110 nəfər reanimasiyadadır, 10 nəfər isə süni tənəffüs aparatına qoşulub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirir ki, gün ərzində koronavirusla bağlı 6 886 test edildiyi bildirilib. Ümumiyyətlə, ölkə ərazisində indiyə qədər 1 054 792 test aparılıb.
Payız fəslində yoluxma sayının artma riski varmı? Pulmonoloq Ramin Nəriman “Şərq”ə açıqlamasında koronavirusla bağlı statistikada müşahidə edilən müsbət dinamikanın çox sevindirici olduğunu dedi:
- Müsbət dinamika davam edir və əlbəttə, bu, bizim hamımızı sevindirir. Amma dünyada əks proseslər gedir – yoluxma sayı artmaqdadı. Fikrimcə, Avropa ölkələrində yoluxma sayındakı artım karantin qaydalarının ləğv edilməsiylə bağlıdır. Avropanın bir çox ölkələrində, şəhərlərdə kafelər, restoranlar fəaliyyət göstərməyə başladı, insanlar sərbəst dolaşmaq azadlığı tələb etməyə başladılar. Bu da nəticəsi. Xatırladım ki, Bakıda metropolitenin fəaliyyətində bir müddət fasilə yarandıqdan sonra təkrar istifadəyə verildikdə də yoluxma sayında artım müşahidə edilmişdi. Karantin rejimi xəstəliyin müddətini uzatmaq üçündü. Yəni kütləvi yoluxub, kütləvi ölüm halları olmasın, səhiyyə sistemi çokməsin, xəstələr müalicə oluna bilsin deyə, karantin rejimi tətbiq edilir. Bu, dünyada qəbul olunmuş qaydadı. Karantin rejiminin olmaması kütləvi yoluxma və kütləvi ölüm hallarına səbəb olur. Ona görə də biz karantin rejiminin tətbiqindən, davam etməsindən narahat olmamalı, vəziyyəti anlayaraq qaydalara əməl etməliyik.
R.Nəriman hazırda reanimasiya şəraitində müalicəsi davam etdirilənlər arasında nisbətən ağır xəstələrin olduğunu bildirdi:
- Hər xəstə reanimasiyaya yerləşdirilmir. Ağır xəstələr ora yerləşdirilir. Xəstə reanimasiyadadırsa, ölüm halının baş verməsi ehtimalı digər xəstələrə nisbətən artıq olur.
Amma yalnız ən ağır xəstələr süni tənəffüs aparatına qoşulur. Sentyabrın 20-nə olan məlumata görə, süni tənəffüs aparatına qoşulmuş 10 xəstəmiz var. Bu aparatda isə xəstəni 3 sutkadan artıq saxlamaq olmaz.
Süni tənəffüs aparatına qoşulmuş xəstəni həkimlər çalışır ki, 3 sutka ərzində ağır vəziyyətdən çıxarsın. Çünki koronavirus infeksiyası toxumaları zədələyir. Uzun müddət süni tənəffüs aparatına bağlı qalmaq mümkün deyil.
R.Nəriman payızda koronavirus infeksiyasına yoluxmada artım ola biləcəyi ehtimallarına da aydınlıq gətirdi:
- Koronavirusun fəsillər üzrə proqnozu özünü doğrultmadı. Ona görə də payızda koronavirusa yoluxmada yüksəliş olacağını düşünmürəm. Ola bilsin ki, yanaşı xəstəliklər fonunda artım müşahidə edilsin. Onsuz da payız-qış aylarında respirator xəstəliklər – yuxarı tənəffüs yollarının xəstəlikləri artır, xroniki xəstəliklərdə oyanma baş verir.
Bu fonda xəstələnənlərin sayında artım ola bilər. Amma ağırlaşma halları, yüksək rəqəmlər, “ikinci”, “güclü” dalğalar olmayacaq.
Son xəbərlər
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər
- Orta yağlılığı neçə faiz olan məhsullar seçmək lazımdır?
- Bunu gündə 1 dəqiqə etməklə arıqlayın
- Təzə balığı belə tanımaq olar
- Bu ölkədə alkoqoldan ölümlər fəlakətli həddə çatdı
- Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir - Görün hansı imiş