Limon vitamin C ilə zəngin olduğu üçün sağlamlıq baxımından çox faydalıdır. Ancaq keyfiyyətli və təzə limon seçmək üçün bəzi vacib məqamlara diqqət etmək lazımdır.
Foodinfo.az xəbər verir ki, təzə limonun qabığı parlaq və hamar olmalıdır. Kobud və solğun qabıq limonun quruduğunu göstərir.
Sarı limonlar daha yetişmiş hesab olunur, yaşıl ləkələr isə hələ tam yetişməmiş olduğunu göstərir.
Limonun çəkisi onun şirəliliyini göstərir. Eyni ölçüdə iki limon arasında daha ağır olanını seçin.
Limonu əlinizlə sıxdığınızda çox sərt və ya çox yumşaq olmamalıdır. Yumşaq limon köhnə, çox sərt limon isə yetişməmiş ola bilər.
Qabığını ovuşdurduğunuz zaman təravətli sitrus qoxusu gəlməlidir. Kifayət qədər qoxusu olmayan limon keyfiyyətsiz ola bilər.
Şirə üçün limon alırsınızsa, nazik qabıqlı olanları seçin. Qabığı çox qalın olan limonların içində az şirə olur.
Qabığında qaralmış və ya çürümüş ləkələr olan limonlardan uzaq durun.
Çatlamış və ya çox yumşaq hissələr olan limon köhnəlmiş olur.
Limonları soyuducuda və ya kölgəli yerdə saxlanılan yerlərdən alın. Günəş işığına məruz qalan limonlar tez quruyur və keyfiyyətini itirir.
Təzə limon seçmək həm yeməklərinizin dadını artıracaq, həm də sağlamlığınıza daha çox fayda gətirəcək.