Mövsümi qripə və yeni koronavirus infeksiyasına eyni vaxtda yoluxma (super infeksiya) insanın ölüm riskini xeyli artırır.
AZƏRTAC bildirir ki, bu barədə Böyük Britaniyanın "Public Health England" (PHE) hökumət xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, yanvardan aprel ayına qədər xəstəxanalara yerləşdirilən pasiyentlərin xəstəlik tarixçəsinin tədqiqi zamanı "super infeksiyaya" yoluxanlarda ölüm səviyyəsinin 43 faizə çatdığı məlum olub. Halbuki təkcə koronavirusa yoluxanlar arasında bu göstərici 23 faiz təşkil edir.
"İnsanlar hələ də qripin soyuqdəyməyə bənzədiyini düşünür, lakin bu, belə deyil. Əgər siz hər iki infeksiyaya yoluxsanız ciddi problemləriniz olacaq", - deyə qripli pasiyentlər xəstəxanaya yerləşdirilən zaman koronavirusa yoluxma təhlükəsinə diqqət çəkən PHE-nin tibbi direktoru İvonn Doyl bildirib.
"The Daily Telegraph" qəzetinin məlumatına görə, Böyük Britaniyanın 30 milyona yaxın vətəndaşı mövsümi qripdən pulsuz peyvənd hüququ qazanacaq ki, bu da səhiyyə xidmətinə koronavirusun ikinci yayılma dalğası ilə effektiv mübarizə aparmağa imkan verəcək. Birləşmiş Krallıq tarixində əhalinin vaksinasiyası üzrə ən iri proqram 50 yaşdan yuxarı bütün sakinləri, 12 yaşına qədər uşaqları, tibbi işçilərini və əhalinin zəif təbəqəsini əhatə edəcək.
Böyük Britaniya koronavirus pandemiyasından ən çox zərər çəkən ölkələrdən biridir. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, ölkədə koronavirusa yoluxan insanların sayı son sutka ərzində 4368 nəfər artaraq 398 min 625-ə çatıb. Epidemiyanın əvvəlindən bəri Birləşmiş Krallıqda COVID-19 xəstəliyi səbəbindən 41 min 788 nəfər həyatını itirib.
Son xəbərlər
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər
- Orta yağlılığı neçə faiz olan məhsullar seçmək lazımdır?
- Bunu gündə 1 dəqiqə etməklə arıqlayın
- Təzə balığı belə tanımaq olar
- Bu ölkədə alkoqoldan ölümlər fəlakətli həddə çatdı
- Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir - Görün hansı imiş