
Şəkərsiz saqqızlar çox zaman diş sağlamlığı üçün faydalı alternativ kimi təqdim olunur. Ancaq onların tərkibindəki süni şirinləşdiricilər uzunmüddətli istifadə zamanı orqanizmdə balans pozuntuları yarada bilər.
Foodinfo.az bildirir ki, şəkərsiz saqqızların əksəriyyətində “sorbitol”, “ksilitol” və ya “aspartam” kimi süni şirinləşdiricilər istifadə olunur. Bu maddələr mədə-bağırsaq sisteminə həssas insanlarda şişkinlik, qaz və ishal kimi problemlərə səbəb ola bilər.
Bundan əlavə, saqqız çeynəmək bədəndə insulin cavabını stimullaşdıra bilər. Ağıza davamlı olaraq şirin dad gəlməsi beyin tərəfindən real şəkər qəbul edildiyi kimi qəbul olunur və bu, xüsusilə insulin müqaviməti olan insanlarda maddələr mübadiləsində pozuntulara yol aça bilər.
Daimi çeynəmə vərdişi həm də çənə oynağında gərginlik, baş ağrısı və hətta stress hormonlarının artmasına səbəb ola bilər. Mütəxəssislər şəkərsiz saqqızdan istifadənin mütəmadi və nəzarətsiz olmamasını, xüsusilə mədə-bağırsaq problemləri yaşayan şəxslərin diqqətli olmasını tövsiyə edir.