Trans yağlar sənaye üsulu ilə hazırlanmış, bəzi bitki yağlarının hidrogenləşdirilməsi nəticəsində yaranan zərərli yağ növüdür. Əsasən fast-food, hazır paketlənmiş qidalar, keks, peçenye və margarin tərkibində olur. Bu yağlar dad və raf ömrünü uzatsa da, insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Foodinfo.az trans yağların sağlamlığa olan mənfi təsirini təqdim edir:

1. Ürək-damar xəstəlikləri riskini artırır 

Trans yağlar “pis” xolesterolu (LDL) yüksəldir, “yaxşı” xolesterolu (HDL) isə azaldır. Bu balanssızlıq damarların tıxanmasına, nəticədə isə infarkt və insult riskinin artmasına səbəb olur.

2. Obezite və çəki artımı  

Bu yağlar bədənin enerji balansını pozur, maddələr mübadiləsini zəiflədir. Trans yağlarla zəngin qidalar daha çox kalori ehtiva etdiyindən arıqlamağı çətinləşdirir, xüsusilə qarın bölgəsində piylənməyə səbəb olur.

3. Zehni fəaliyyətə mənfi təsiri 

Araşdırmalar göstərir ki, trans yağların uzunmüddətli istehlakı zehni zəifləməyə, yaddaş itkisinə və depressiyaya yol aça bilər. Uşaqlarda və yeniyetmələrdə də öyrənmə qabiliyyətinə mənfi təsir edir.

4. İnsulin müqaviməti və şəkər xəstəliyi riski  

Trans yağlar qandakı şəkərin tənzimlənməsini pozaraq insulinə qarşı müqaviməti artırır. Bu isə 2-ci tip şəkərli diabet riskini yüksəldir, mövcud şəkər xəstələri üçün vəziyyəti daha da ağırlaşdırır.

5. Reproduktiv sağlamlığa təsiri 

Araşdırmalar göstərir ki, trans yağlar qadınlarda hormonal balanssızlığa və yumurtlama problemlərinə, kişilərdə isə sperm keyfiyyətinin zəifləməsinə səbəb ola bilər.