Yaponiyanın iş adamları Azərbaycandan böyük həcmdə arıçılıq məhsulu sayılan vərəmum idxal etmək istəyirlər.
Bunu Azərbaycan Arıçıları Assosasiyasının (AAA) sədri Bahəddin Həsrətov deyib.
"Yaponların Azərbaycana səfəri gələn ayın əvvəlində olacaq. Onların vərəmuma tələbatı böyükdür, lakin Azərbaycan bu tələbatı qarşılamaq imkanında deyil. Biz illik 50-60 kq-dan başlayıb, daha sonra ixrac həcmini artırmaq istəyirik", - B.Həsrətov qeyd edib.
Assosiasiya rəhbəri onu da bildirib ki, Azərbaycanda arıçılığın inkişafı ilə bağlı problemlər qalır: "Fermerlər üçün maarifləndirmə kursları təşkil olunmalıdır. Arıçılar yeni texnologiyalardan istifadə etmələri üçün təlimlərə cəlb edilməlidir. Bundan başqa, maliyyə resurslarına çıxış çətindir. Ümumiyyətlə, çatışmazlıqlar çoxdur".
B.Həsrətov arıçılara veriləcək subsidiya ilə bağlı da danışıb: "Bununla bağlı yekun qərar var, sadəcə icrasına başlanılmalıdır. Yəgin ki, arıçılara ilin sonuna qədər subsidiya veriləcək. Növbəti ildən isə bu iş sistemli şəkildə, lazım olan anda həyata keçiriləcək". (Report)