
Yaz aylarının gəlişi ilə birlikdə bazarlarda və küçə satıcılarında ən çox diqqət çəkən mövsümi meyvələrdən biri də alçadır. Xüsusilə yetişməmiş, turş alçalar bir çox insanın sevimlisidir.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu ləzzətli meyvənin erkən mərhələdə çox və nəzarətsiz şəkildə qəbulu sağlamlıq üçün risklidir.
Foodinfo.az xəbər verir ki, yetişməmiş alça refluks, qastrit və ya mədə xorası kimi xəstəliklərə səbəb ola və ya mövcud problemləri daha da şiddətləndirə bilər.
Turş alçanı tez-tez və boş mədəyə yemək uşaqlarda qarın ağrısı, ishal və mədə pozğunluqları ilə nəticələnir. Hamilə qadınlarda isə bu meyvənin yüksək turşuluğu ürəkbulanma və mədə yanmasını artırır, bəzən isə uşaqlıq sancılarına belə səbəb ola bilər.
Yetişməmiş alçanın zərərləri ilə yanaşı, faydaları da məlumdur. Yetişməmiş alça C vitamini ilə zəngindir, antioksidant təsiri var və iştahanı artırır. Lakin bu faydaları əldə etmək üçün gündə bir ovucdan artıq olmamaqla, adətən yeməkdən sonra və ya azca duzla qəbul edilməsi tövsiyə olunur.
Belə alçanın dadı nə qədər cazibədar olsa da, onunla ehtiyatsız davranmaq sağlamlığa zərər verə bilər. Xüsusilə mədə-bağırsaq həssaslığı olanlar və uşaqlar bu meyvəni qəbul edərkən diqqətli olmalıdır.