Yulaf son illərdə sağlam qidalanmanın simvoluna çevrilib. Lakin bəzi insanlar yulafın kökəlməyə səbəb olduğunu düşünür. Əslində, bu fikir doğru şəkildə istifadəyə görə dəyişə bilər. Yulaf təbii və liflə zəngin bir taxıl məhsulu olaraq, əksinə, uzunmüddətli toxluq hissi yaradaraq arıqlama prosesinə dəstək ola bilər.

Foodinfo.az xəbər verir ki, yulaf tərkibində beta-qlükan adlı xüsusi bir lif saxlayır. Bu maddə qan şəkərini tənzimləyir, xolesterolu azaldır və bağırsaqların sağlam fəaliyyətinə kömək edir. Sadə karbohidratlardan fərqli olaraq, yulaf yavaş həzm olunur və qanda şəkərin sürətli qalxmasının qarşısını alır. Bu xüsusiyyət onu arıqlamaq istəyənlər üçün ideal edir.

Lakin diqqət edilməli məqamlar da var. Əgər yulaf şəkərli meyvələr, bal, şokolad, yağlı süd və ya çox miqdarda qoz-fındıqla birlikdə qəbul edilərsə, kalorisi artır və bu zaman kökəlməyə səbəb olur. 

Beləliklə, doğru porsiyada və düzgün əlavələrlə istifadə edildikdə yulaf kökəltməz, əksinə bədən çəkisinin idarəsində mühüm rol oynaya bilər.