
Çiyələk təkcə dadı ilə deyil, həm də yüksək qida dəyəri ilə sağlam qidalanmada önəmli yer tutur. Foodinfo.az bildirir ki, bu meyvənin tərkibində bol miqdarda C vitamini və antioksidantlar var. C vitamini immunitet sistemini gücləndirir, infeksiyalara qarşı müdafiəni artırır və dəri hüceyrələrinin yenilənməsini təmin edir. Antioksidantlar isə sərbəst radikalların yaratdığı hüceyrə zədələnmələrinin qarşısını alaraq xərçəng və digər xroniki xəstəliklərin riskini azaldır.
Çiyələyin tərkibindəki liflər həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, bağırsaq hərəkətlərini normallaşdırır və qəbizliyin qarşısını alır. Həmçinin, bu liflər qan şəkərinin səviyyəsini tənzimləyir, beləliklə diabetə meyilli insanlara faydalı təsir göstərir. Meyvənin az kalorili olması onu arıqlama pəhrizlərinin əvəzolunmaz hissəsinə çevirir.
Bundan əlavə, çiyələk antibakterial xüsusiyyətlərə malikdir və bədən toxumalarının infeksiyalardan qorunmasına kömək edir. Uşaqlar üçün də təhlükəsiz və sağlam qida olan çiyələk, təbii şəkər mənbəyi olaraq enerjini artırır. Lakin, allergik reaksiyalara meyilli şəxslər meyvəni istehlak edərkən diqqətli olmalıdırlar.