Journal of Clinical Endocrinology & Metabolism jurnalında dərc olunan araşdırmaya görə, hər səhər bir neçə fincan qəhvə insanı ürək xəstəliyindən, insultdan və 2-ci tip diabetdən qoruya bilər.

Foodinfo.az xəbər verir ki, bu nəticəyə Çinin Soochow Universitetinin Tibb Kollecinin alimləri gəlib.

Tədqiqatçılar müəyyən ediblər ki, gündə üç stəkan qəhvə və ya təxminən 200-300 milliqram kofein içmək ürək və ya metabolik xəstəliklərlə bağlı sağlamlıq problemləri riskini azaldır. Tədqiqatın nəticələri göstərir ki, sağlam insanlar üçün qida vərdişi kimi orta dərəcədə qəhvə və ya kofein istehlakı çox geniş faydalar verə bilər.

Tədqiqat zamanı alimlər 37-73 yaş arası 500 mindən çox insanın məlumatlarını təhlil ediblər. Müəyyən edilib ki, gündə üç fincan qəhvə içən insanlarda ürək xəstəliyi və ya metabolik pozğunluq riski ümumiyyətlə qəhvə içməyənlərə nisbətən 48% azdır.