21 mart Beynəlxalq Daun Sindromu Günüdür. Günün təsis edilməsində məqsəd cəmiyyətin diqqətini bu insanların prolemlərinə yönəltmək və maarifləndirmə tədbirlərini stimullaşdırmaqdır. 1 xromosom fərqi ilə dünyaya gələn Daun sindromlu uşaqlara ətraflarına saçdıqları müsbət enerji və xoşbəxtlik səbəbindən Günəşin övladları deyirlər.
Mütəmadi olaraq korporativ sosial məsuliyyət layihələri ilə gündəmə gələn “Araz” supermarketlər şəbəkəsinin növbəti layihəsi məhz Daun sindromlu insanları əhatə etdi. “Günəşin övladları” adlanan layihənin məqsədi Daun sindromlu gənclərə yeni bacarıqlar qazandırmaq, onların sosiallaşmasına dəstək olmaqdır. Layihədə 7 nəfər Daun sindromlu gənc iştirak edib. Onlar “Araz” supermarketlər şəbəkəsində anbardar, kassir, “Pepco” və “Rossmann” mağazalarında satıcı, “Ulduz” şokolad fabrikində şirniyyatçı, “Xonça” istehsalat sahəsində dekorçu vəzifələrində çalışıblar. Layihə müxtəlif peşələrdə özlərini sınayan Daun sindromlu gənclər üçün maraqlı anlarla yadda qalıb. Layihənin davamı olaraq xüsusi qayğıya ehtiyacı olan gəncləri əhatə edən təlimlərin təşkili planlaşdırılır.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.