Limon qabığının son illər qida mütəxəssisləri tərəfindən daha çox tövsiyə olunması onun gözardı edilən, lakin güclü təsirə malik hissə olduğunu göstərir.
Foodinfo.az xəbər verir ki, limon qabığının tərkibi C vitamini, flavonoidlər və efir yağları ilə xüsusilə zəngidir.
Limon qabığı orqanizmi sərbəst radikalların zədələyici təsirindən qoruyan güclü antioksidant mənbəyidir. Bu xüsusiyyət həm ümumi sağlamlıq, həm də immun sisteminin güclənməsi üçün mühüm rol oynayır.
Həzm sisteminə təsiri ilə də seçilən limon qabığı qida maddələrinin parçalanmasını yaxşılaşdırır, köpmə və qaz kimi narahatlıqları azaldır.
Qabığın tərkibindəki pektinin xolesterolu aşağı salmağa, damar elastikliyini artırmağa kömək edir.
Dəriyə olan müsbət təsirləri də diqqət çəkir. Limon qabığı yağlı dərinin balansını qoruyur, qara nöqtələri azaldır və ləkələrə qarşı mübarizədə müəyyən fayda göstərir. Antibakterial xüsusiyyətlərinə görə ağız qoxusunun aradan qaldırılmasında da effektiv hesab olunur.
Bundan əlavə, limon qabığının təbii təmizlik vasitəsi kimi geniş istifadə olunduğu qeyd edilir. Onun yağ ləkələrini təmizləməsi və müxtəlif qoxuları neytrallaşdırması ev işlərində ekoloji alternativ kimi seçilməsinə səbəb olur.
Limon qabığının istifadəsi zamanı meyvənin yaxşı yuyulması vacibdir. Çünki qabıq səthində pestisid və mum qalıqları ola bilər.
Limon qabığının çoxşaxəli faydaları onun gündəlik qidalanmada və məişətdə istifadə dəyərini daha da artırır.






