Orqanizmi sağlam saxlamaq üçün düzgün qidalanma xüsusilə ürək-damar sistemi baxımından böyük əhəmiyyət kəsb edir. Foodinfo.az xəbər verir ki, Sports.kz-in NEWS.ru-ya istinadən yaydığı məlumata görə, həkim-kardioloq, reabilitasiya üzrə mütəxəssis Mariya Çaykovskaya ürək üçün ən təhlükəsiz sayılan qidalanma modelini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, sərt pəhrizlər vasitəsilə sürətlə arıqlamaq ürək ritminin pozulmasına və hətta infarkta səbəb ola bilər. O bildirir ki, kalorinin və kalium, maqnezium kimi elektrolitlərin kəskin azalması nəticəsində aritmiya və QT intervalının uzanması baş verə bilər ki, bu da həyati təhlükə yaradır.

Çaykovskaya qeyd edib ki, sidikqovucu dərmanların qəbulu, qusma və ya ishal kimi hallarda bu risk daha da artır. Bu səbəbdən infarktın qarşısını almaq üçün ən təhlükəsiz yanaşma sürətli və sərt pəhrizlər deyil, yavaş, davamlı çəki azalması ilə müşayiət olunan Aralıq dənizi və ya DASH qidalanma modeli hesab olunur.

Həkim vurğulayıb ki, sərt pəhrizlər qısamüddətli maddələr mübadiləsi üstünlüyü versə də, eyni zamanda ürək-damar sistemi üçün ciddi təhlükələr yaradır. Bu risklər özünü halsızlıq, bayılma hallarının artması və hətta öd kisəsində daş yaranması kimi problemlərlə göstərə bilər.

Çaykovskaya həmçinin “yo-yo effekti” adlanan vəziyyətin də təhlükəli olduğunu xatırladıb. Bu effekt sürətlə arıqlayıb yenidən dərhal çəki almaq, daha sonra yenidən arıqlamağa çalışmaq kimi təkrarlanan proses nəticəsində yaranır. Müşahidə araşdırmalarına görə, bu cür “çəki yellənmələri” ürək-damar xəstəlikləri riskini və ölüm ehtimalını artırır.

Mütəxəssislər sağlam və ürək üçün təhlükəsiz arıqlamanın tədricən və balanslı şəkildə olmasının daha doğru olduğunu bildirir. Aralıq dənizi və DASH qidalanma modelləri isə bu baxımdan ən etibarlı nümunələr hesab olunur.