Ət satışı müəssisəsi ət və ət məhsullarının saxlanılması üçün soyuducu şkaf, soyuducu vitrin və ya dondurucularla təchiz olunmalıdır. Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əsasən, müəssisədə qida üçün yararsız hesab olunan, həmçinin müşayiətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) uyğunsuzluq aşkar edilən ət və ət məhsullarının müvəqqəti saxlanması üçün üzərində iri şriftlərlə, aydın oxunan “Sanitar soyuducusu” yazısı olan ayrı (sanitar) soyuducu olmalıdır. Soyuducularda temperatur rejimi ət və ət məhsullarının saxlanma şəraitinə uyğun olmalıdır.
Həmçinin müəssisə daxilində havanın temperaturunu, nəmliyini ölçən, o cümlədən ət və ət məhsullarının çəkisini ölçən və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş ölçmə avadanlıqları (civəsiz termometr, psixrometr, tərəzi) olmalı və müəssisə daxilində havanın temperaturu və nəmliyi barədə gün ərzində 3 dəfədən az olmayaraq qeydlər aparılmalıdır. Soyuducu vitrində ət və ət məhsullarının yaxşı görünməsi məqsədi ilə quraşdırılan işıqlandırma lampaları qoruyucularla təchiz olunmalıdır. Müəssisədə istifadə olunan ləvazimatlar (avadanlıq və alətlər) hər iş gününün sonunda yuyucu məhlullarla yuyulub təmizlənməli və qurudulmalıdır.
Eyni zamanda heyvan və quş cəmdəyinin doğranması prosesində ağac lövhə (kötük) və ya qida məhsulları üçün istifadəyə yararlı polietilen materiallardan hazırlanmış plastik lövhələrdən istifadə edilməlidir. Ət doğramaq üçün nəzərdə tutulan ağac löhvələr (kötüklər) sərt ağacdan hazırlanmaqla çatsız və hamar olmalı, yanları yağlı boya ilə rənglənməlidir. Onlar yerdən aralı məsafədə altlıq üzərində bərkidilməklə, hər iş gününün sonunda üstü bıçaqla təmizlənməli və duz səpilməlidir. İstifadə olunması dövriliyindən asılı olaraq kötük kəsilərək yuvarlaqlaşdırılmalıdır. Plastik ət kəsim lövhələri asan yuyulan və sanitar tələblərə cavab verən olmalı və hər iş gününün sonunda yuyularaq dezinfeksiyaedici məhlullarla təmizlənməlidir. Soyuducu qurğuların kondensat suyu isə heyvan və quş cəmdəkləri, həmçinin ət məhsulları ilə təmas etməməlidir.