Yuxu müddətinin gündə 6 saata qədər azalması, insanı kəskin respirator virus infeksiyalarına (soyuqdəymə və qrip) qarşı təxminən 4,2 dəfə daha həssas edir. Foodinfo.az xəbər verir ki, bu nəticəyə Kaliforniya Universitetinin tədqiqatçı qrupu gəlib. Araşdırmanın nəticələri “Brain, Behavior and Immunity” jurnalında yayımlanıb.

Tədqiqatda 164 könüllü iştirak edib. Onların həyat tərzi, stres səviyyəsi, spirt istifadəsi və siqaret çəkməsi, eləcə də yuxu müddəti, keyfiyyəti və sabitliyi diqqətlə izlənilib. Analiz göstərib ki, əsas faktor yuxu müddətidir.

Gündə təxminən 6 saat yatmış şəxslər, 7 və ya daha çox saat yatmış insanlarla müqayisədə soyuyub xəstələnmə ehtimalı 4,2 dəfə yüksək olub. Əgər gecə yuxusu 5 saata qədər azalırsa, risk 4,5 dəfə artır.

Tədqiqatçılar həmçinin siçanlar üzərində eksperiment aparıblar. Yuxu ritmi pozulmuş siçanlar, normal yuxu müddətinə baxmayaraq, immunitet sistemində zəifləmə göstərib, daha tez xəstələniblər. Bu da göstərir ki, immunitet üçün yalnız yuxu müddəti deyil, həm də yuxu ritminin sabitliyi və düzgün faza paylanması vacibdir.