Tiroid vəzinin funksiyasında yaranan pozuntular həm maddələr mübadiləsinə, həm də ümumi sağlamlığa ciddi təsir göstərir. 

Foodinfo.az xəbər verir ki, hipotireoz (yəni tiroid hormonlarının azlığı) və hipertireoz (yüksəkliyi) kimi hallarda düzgün qidalanma müalicəni dəstəkləyən əsas amillərdən biri hesab olunur.

Hipotireoz — yəni tiroid hormonlarının az ifrazı maddələr mübadiləsini yavaşladır, bu da köklük, yorğunluq və soyuğa qarşı həssaslıq kimi hallarla nəticələnir.

Mütəxəssislər bu xəstələrə aşağıdakı kimi qidalanmanı tövsiyə edirlər:

- Yodla zəngin qidalar: dəniz məhsulları, yosun, yumurta, süd məhsulları  

- Selen: Braziliya qozu, günəbaxan tumu, yumurta  

- Sink: qırmızı ət, qoz-fındıq, mərci  

- Tam taxıllar və liflə zəngin tərəvəzlər: qəbizliyin qarşısını alır  

- Şəkər və işlənmiş qidalar isə məhdudlaşdırılmalıdır

Hipotireozu olan şəxslər yod qəbuluna diqqət etməli, ancaq yodu özbaşına əlavələrlə deyil, qida yolu ilə qəbul etməlidirlər. Qidalanma planı isə həkimlə birlikdə qurulmalıdır.

Hipertireoz — tiroid hormonlarının həddindən artıq istehsalı bədəndə maddələr mübadiləsinin sürətlənməsi, arıqlama, əzələ zəifliyi və tərləmə ilə müşayiət olunur.

Təsirli qidalanma prinsipləri aşağıdakı kimidir:

- Kalsium və D vitamini: sümük sağlamlığı üçün vacibdir (pendir, qatıq, balıq)  

- Antitiroid təsirli qidalar: brokolli, kələm, ispanaq  

- Kofeinli içkilər azaldılmalıdır (çünki sinirliliyi və ürək döyüntüsünü artırır)  

- Alkoqol və şəkərli məhsullar mütləq məhdudlaşdırılmalıdır