Yaşlı qadınlarda sümük sıxlığının artırılması ilə bağlı yeni araşdırma aparılıb. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, Avstraliyanın Flinders Universitetinin alimləri 10 illik tədqiqat nəticəsində çayın müsbət təsirini müəyyən ediblər.

Tədqiqatda 65 yaşdan yuxarı 9704 qadın iştirak edib. Onların bud sümüyünün mineral sıxlığı bir neçə dəfə ölçülüb və gündəlik çay və qəhvə istehlakı qeyd edilib.

Nəticələr göstərib ki, çay sevən qadınlarda bud oynağı bölgəsində sümük sıxlığı bir qədər yüksək olub. Fərq təxminən 0,003 q/sm² təşkil edib, statistik baxımdan əhəmiyyətli olsa da, hər bir fərd üçün böyük dəyişiklik sayılmır.

Kofe orta hesabla sümük sıxlığına nəzərəçarpacaq təsir göstərməyib. Lakin gündə beş fincandan çox qəhvə içən qadınlarda sümük sıxlığında azalma tendensiyası müşahidə olunub.

Əlavə analiz göstərib ki, yüksək spirt istehlakı olan qadınlarda qəhvə bud sümüyünün boyun nahiyəsində sıxlığı azalda bilər. Çay isə piylənmə problemi olan qadınlarda sümük toxumasını gücləndirir.

Alimlər vurğulayır ki, əldə olunan nəticələr müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsini təsdiqləmək üçün klinik tədqiqatlar tələb olunur.