Baytarlıq aptekində və anbarda temperatur və rütubət kimi vacib mikroiqlim parametrlərini ölçmək üçün cihazlar (termometr, hiqrometr, psixrometr və s.) olmalıdır.
Foodinfo.az xəbər verir ki, baytarlıq aptekinin daxilində havanın temperaturu müvafiq tələblər nəzərə alınmaqla, 15-25ºC, nisbi rütubət isə 40-65%, anbarın daxilində isə nisbi rütubət 50-65%, temperatur müsbət 2-15ºC səviyyəsində olmalıdır. Baytarlıq apteki və anbar daxilində ilin müxtəlif fəsillərində havanın temperatur və nəmlik rejimi nizamlanmalıdır. Baytarlıq aptekinin müdiri aptekdə və həmçinin anbarda havanın temperatur və nisbi rütubət göstəricilərinə gündəlik nəzarət olunmasını təmin etməlidir. Hər bir soyuducu mövcud temperaturun izlənilməsi üçün termometrlərlə təchiz olunmalıdır. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq edilən “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”də bildirilir.
Həmçinin sənədə əsasən, baytarlıq aptekində termolabil baytarlıq preparatları soyuducuda istifadə təlimatlarında tələb olunan müvafiq temperatur rejimində saxlanılır. Zərdab əvəzedicilər və detoksikasiya məhlulları müvafiq temperaturda və işıqdan qorunan yerdə, ekstraktlar isə müsbət 12ºC-15ºC temperaturda işıqdan qorunan yerdə saxlanılmalıdır. Aerozol şəklində olan baytarlıq preparatları müvafiq temperaturda, işıqdan qorunan yerdə saxlanılmaqla, zərbələrdən və mexaniki zədələrdən qorunmalıdır. Baytarlıq aptekində, o cümlədən anbar otaqlarında havanın temperaturu və rütubət göstəriciləri gündə ən azı bir dəfə qeydə alınmalıdır. Bioloji baytarlıq preparatları soyuducuda temperatur rejiminə nəzarət olunmaqla saxlanılmalı və ya nəql edilməlidir.
Qeyd edək ki, heyvanlara qulluq əşyalarının və vasitələrinin, baytarlıq preparatları və vasitələrinin (baytar həkimin resepti əsasında hazırlanan baytarlıq preparatları da daxil olmaqla) reseptli və ya reseptsiz pərakəndə satışını həyata keçirən aptek təşkilatı baytarlıq aptekidir. Heyvanlara qulluq əşyalarının və vasitələrinin, baytarlıq preparatlarının və vasitələrinin qəbulu və saxlanmasını təmin edən, avadanlıqlarla təchiz edilmiş baytarlıq apteklərinin daxilində və ya kənarında yerləşən sahə isə baytarlıq aptekinin anbarıdır.